×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Bakı, 25 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 25-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, ittifaqın aparatı işçiləri, FHN-in qurumlarında fəaliyyət göstərən bir qrup həmkarlar ittifaqı komitələrinin sədrləri və fəal üzvləri “Ana harayı” abidəsini ziyarət edərək önünə tər qərənfillər düzüblər.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək, tarixdə insanlığa qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı törədilən bu qırğın nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın və 70-i isə qocalardır. Bundan başqa, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib. İtkin düşmüş 150 nəfərin taleləri barədə bu günə qədər heç bir məlumat yoxdur.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə davamlı olaraq addımlar atılır.

Sosial 2020-02-25 19:47:00