×
A
A
A
Sazlamalar

Böyük Vətən müharibəsi ilə əlaqədar Rusiyada yeni sayt yaradılıb

Saytda müharibənin azərbaycanlı iştirakçıları barədə də məlumat yerləşdirmək olar

Bakı, 25 fevral, AZƏRTAC 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş “Xatirə yolu” adlı layihəni həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihə müharibə illərini xatırladacaq on milyonlarla fotodan ibarət informasiya və virtual reallıq texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi əsasında yaradılmış multimedia muzeyində nümayiş olunacaq.
Hazırda elektron bazada müharibədə iştirak etmiş 15 milyondan artıq insan barədə müxtəlif məlumatlar toplanıb. Bazada Azərbaycandan çağırılaraq müharibəyə yollanan vətəndaşlarımız barədə də məlumatın yerləşdirilməsi nəzərdə tutulub.
İstənilən şəxs doroga.mil.ru informasiya resursuna daxil olaraq Böyük Vətən müharibəsində iştirak etmiş yaxınları, qohumları və tanışları barədə ətraflı məlumatı yerləşdirə bilər. Layihədə iştirak ödənişsizdir. Bunun üçün istifadəçi doroga.mil.ru resursuna daxil olaraq müharibə iştirakçısı olmuş şəxs barədə məlumatları (Böyük Vətən müharibəsi iştirakçısının soyadı, adı, atasının adı, doğum tarixi, keçdiyi həyat yolu, müharibədə olduğu vaxtda göndərdiyi məktub, fotoşəkli və s.) saytda göstərilən formata uyğun doldurmalıdır.
Daxil edilən məlumatlar bazada artıq mövcud olan məlumatlarla əlaqələndirilərək yoxlandıqdan sonra istifadəçinin elektron poçt ünvanına keçid göndəriləcək. Saytda müharibə iştirakçılarının tam siyahısını görmək mümkündür.
Daha ətraflı məlumatı doroga.mil.ru saytından əldə etmək olar.

Ordu 2020-02-25 17:08:00