×
A
A
A
Sazlamalar

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə növbəti təlim keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Bərdə şəhərində namizədlərlə təlim keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərin birinci mərhələsi səmərəli ünsiyyət və işgüzar etiket, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Təlimlərin ikinci mərhələsində isə DİM tərəfindən keçirilən imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən ilin avqust ayından başlanıb və 947 nəfər qeydiyyatdan keçib.
Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı yanvarın 31-də başa çatıb. Cari ilin sentyabr ayından isə qeydiyyat sistemi yenidən aktiv ediləcək.

Elm və təhsil 2020-02-25 12:55:00