×
A
A
A
Sazlamalar

UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Arzu və Murad” tamaşasını hazırlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinin yaradıcı və istedadlı tələbələrinin rol aldığı səhnə əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub. Tamaşanın rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu rejissoru isə Vahid Orucoğludur. Rolları UNEC Tələbə Teatrının üzvləri Yasin Əhmədov, Heyran Mehdiyeva, İlham Quliyev, Aslan Əzimzadə, Rəşad Aslanov, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı canlandırıblar. Tamaşada Xocalı faciəsinin 2 gəncin həyatına vurduğu ağır mənəvi zərbələrdən, yaşatdığı acılardan bəhs olunub. Gərgin dram və faciənin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı UNEC-də, eləcə də universitetin Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər keçirilib, rəsm sərgisi təşkil edilib. UNEC-in əsas tədris binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan “Xatirə ağacı” ziyarət olunub.

Elm və təhsil 2020-02-25 12:36:00