×
A
A
A
Sazlamalar

Erməni vəhşiliyinin aynası - Xocalı qırğını

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilərin xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırımı törətdiyini deyib.
Bildirilib ki, bu qanlı hadisə XX əsrin ən böyük faciəsidir. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan danışıb. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniya çərçivəsində bu qanlı faciə haqqında həqiqətlər dünya xalqlarına çatdırılır.
DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov işğalçılıq siyasəti aparan ermənilərin şəhər və rayonlarımızda, xüsusilə Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edib. Dekan qeyd edib ki, Xocalı qırğınından 28 il ötsə də, o qanlı hadisə xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Professor E.Əhmədov qəsbkar ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və digər çıxış edənlər də Xocalı soyqırımını xalqımıza, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər.
Tədbirdə “Qarabağ - əcdadımızın mirası” sənədli filmi nümayiş etdirilib.

Elm və təhsil 2020-02-25 12:44:00