×
A
A
A
Sazlamalar

Turizm və Menecment Universitetində dəyirmi masa: Əsrin soyqırımı – Xocalı

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Əsrin soyqırımı: Xocalı” mövzusunda dəyirmi masa təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olduğunu deyib. Rektor 28 il əvvəl törədilmiş Xocalı soyqırımını, faciənin başvermə səbəblərini faktlarla diqqətə çatdırıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və keçmiş sovet hərbi birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirib. Faciə törədilən gecə 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb
Rektor qeyd edib ki, beynəlxalq hüquq normaları Xocalı faciəsi kimi soyqırımları pisləyir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım və tanıtım tədbirləri keçirilir.
İlham Mədətov Xocalı faciəsinin xalqımıza qarşı XX yüzillikdə aparılan yeganə etnik təmizləmə və soyqırımı siyasəti olmadığını faktlarla qeyd edib. İnsanlığa qarşı törədilən cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.
Tədbir çərçivəsində Xocalı faciəsindən bəhs edən elmi və bədii əsərlərdən ibarət kitab sərgisi nümayiş olunub.

Elm və təhsil 2020-02-25 12:18:00