×
A
A
A
Sazlamalar

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bern, 24 fevral, AZƏRTAC

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosasiyası”, “Azərbaycanın Dostları” və “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” diaspor təşkilatlarının iştirakı ilə İsveçrədəki diasporumuzun sıx məskunlaşdığı Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova qonaqları salamlayıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilıb. Səfir çıxışını Ümummilli Lideri Heydər Əliyevin: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri ilə başlayıb.
Səfir daha sonra Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat verib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləyib. Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanıdılması istiqamətində Azərbaycan dövləti və diasporu tərəfindən görülən işlərə toxunan X.İbrahimova bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası barədə danışıb və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması sahəsində əldə edilmiş nailiyyətləri sadalayıb.
Səfir ölkə rəhbərimizin bütün səfərlərində ermənilərin həyata keçirtdiyi bu qanlı faciə ilə bağlı faktları daim həmsöhbətlərinə çatdırdığını qeyd edib. Vurğulayıb ki, bu ilin fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan panel müzakirələrində ölkə rəhbərimiz Ermənistanın işğalçı dövlət olmasını bir daha dünya birliyinin diqqətinə çatdırıb, ermənilər tərəfindən xalqımıza, o cümlədən mədəniyyətimizə qarşı törədilmiş soyqırımları barədə məlumat verib və beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistan dövlətinə qarşı lazımi tədbirlər görməyə çağırıb.
Daha sonra “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cəvzət Aras Xocalı faciəsinin erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirib və Azərbaycanın ümummilli maraqlarının müdafiəsi məsələsində azərbaycanlıları bir olmağa çağırıb.
Çıxışlardan sonra “613” adlı sənədli film nümayiş olunub. Eləcə də səfirlik tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən sərgi nümayiş olunub, Xocalı soyqırımına, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair əyani vəsaitlər təqdim edilib.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Xocalı faciəsi 2020-02-25 10:20:00