×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 358 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsi üzrə qeydə alınmış namizəd Rəhimov Mütəllim Qara oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 16/49 saylı qərarından şikayət verərək, həmin qərarın və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
M.Q.Rəhimov müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə səsvermə günü 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsinin seçki məntəqələrində yol verilmiş pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, həmin müraciət Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən aidiyyəti üzrə araşdırılması üçün dairə seçki komissiyasına göndərmişdir. Dairə seçki komissiyası müraciətin təmin edilməməsi barədə 19 fevral 2020-ci il tarixli 16/49 saylı əsassız qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, təqdim edilmiş faktlar ciddi araşdırılmayıb.
Namizəd M.Q.Rəhimov müraciətində qeyd edilən seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntusu baş verməsini iddia etmiş, pozuntulara dair təqdim etdiyi 1 ədəd elektron məlumat daşıyıcısında olan video görüntüləri, həmçinin digər materialları araşdıraraq dairə seçki komissiyasının qərarının ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticəsinin etibarsız sayılmasını xahiş etmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, M.Q.Rəhimovun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırılmışdır.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd M.Q.Rəhimovun səsvermə günü qanun pozuntularının olduğunu iddia etdiyi 14, 21, 24, 25, 29, və 35 saylı seçki məntəqələri üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş aktlar və izahatlarla həmin seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi, səsvermə prosesində və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət olunduğu, protokolların seçki məntəqələrində tərtib edildiyi və surətinin maraqlı seçki subyektlərinə verildiyi öz əksini tapmışdır.
Namizəd M.Q.Rəhimovun müraciətinə əlavə etdiyi 1 ədəd elektron məlumat daşıyıcısında olan video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin video görüntülərdə qanun pozuntusu kimi göstərilən hallar seçicilərin iradə ifadəsinə və səsvermənin nəticələrinə təsir etməyən hallardır.
Namizəd tərəfindən səsvermənin nəticələrinə dair seçki dairəsinin 6, 17, 18, 21, 26 və 27 saylı məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarının surətinin araşdırmaya təqdim edilməsi ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair rəsmi protokolları alınaraq onlara müqayisəli baxış keçirilmişdir. Baxış zamanı 21 saylı seçki məntəqəsinin səsvermənin nəticələrinə dair rəsmi protokolundakı məlumatların şikayətçinin təqdim etdiyi protokol surəti ilə müqayisədə fərqli olduğu aşkar olunmuşdur. Bu hal seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməlidir. Göstərilən pozuntular Seçki Məcəlləsinə görə həmin məntəqə seçki komissiyasında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Beləliklə, 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsinin qeyd edilən seçki məntəqələri üzrə göstərilən hal şikayətin qismən təmin olunması üçün hüquqi əsas yaratmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsi üzrə qeydə alınmış namizəd Rəhimov Mütəllim Qara oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 358 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılsın.
2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 16/49 saylı qərarı 21 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov


Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-25 09:04:00