×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 385 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlu 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 33/168 saylı qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməklə pozulmuş seçki hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd A.Ə.Əsədli müraciətində 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə qeyd edilən seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntusu baş verməsini iddia etmiş, pozuntulara dair təqdim etdiyi video görüntüləri, həmçinin digər materialları araşdıraraq dairə seçki komissiyası qərarının ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticəsinin etibarsız sayılmasını xahiş etmişdir. O, müraciətini onunla əsaslandırmışdır ki, səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş vermiş seçki pozuntuları ilə bağlı müvafiq sənədlər əlavə etməklə Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi şikayət aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyasına göndərilmiş, dairə seçki komissiyası isə ətraflı araşdırma aparmadan seçki günü səsvermədə iştirak etmiş müxtəlif seçki subyektlərindən alınmış izahatlara əsasən müraciətin təmin edilməməsi barədə əsasız qərar qəbul etmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, A.Ə.Əsədlinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Namizəd A.Ə.Əsədli tərəfindən araşdırmaya əlavə olaraq seçki dairəsinin səkkiz məntəqə seçki komissiyasından əldə etdiyi səsvermənin nəticələrinə dair protokolun surəti təqdim olunmuşdur.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmişdir.
125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, namizəd A.Ə.Əsədlinin müraciəti əsasında aparılmış araşdırma ilə əlaqədar namizədin şikayətə əlavə etdiyi siyahıda qeyd olunmuş seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularına dair elektron məlumat daşıyıcısında olan görüntülər araşdırılmış, həmçinin səsvermə günü seçki məntəqələrində müşahidə aparmış siyasi partiya və qeyri-hökumət təşkilatıarını təmsil edən müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin təqdim etdiyi izahatlarda şikayətdə göstərilən hallar təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər Azadoğlu Nazim Azad oğlu və Kərimov Faiq Alməmməd oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/316 saylı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılması nəzərə alınmalıdır.
Qeyd edilən araşdırma sosial şəbəkələr vasitəsi ilə paylaşılan və şikayətçilərin araşdırmaya təqdim etdikləri elektron məlumat daşıyıcılarındakı videogörüntüləri və digər materialları əhatə etməklə seçki dairəsinin şikayətçilər tərəfindən mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etmələri müəyyən olunmuşdur.
Namizəd A.Ə.Əsədli tərəfindən müraciətə əlavə edilmiş 1 ədəd elektron məlumat daşıyıcısında olan görüntülərə baxış keçirilmiş və seçicilərin iradə ifadələrini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən edilməmişdir.
Hazırki araşdırma prosesində namizəd tərəfindən səsvermənin nəticələrinə dair 8 məntəqə seçki komissiyasının protokollarının surətinin təqdim edilməsi ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair rəsmi protokolları alınaraq onlara müqayisəli baxış keçirilmişdir. Baxış zamanı 48 və 50 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair rəsmi protokollarındakı məlumatların şikayətçinin təqdim etdiyi protokol surətləri ilə müqayisədə fərqli olduğu aşkar olunmuşdur. Bu hal seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməlidir. Göstərilən pozuntular Seçki Məcəlləsinə görə həmin məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 48 və 50 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Beləliklə, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin qeyd edilən seçki məntəqələri üzrə göstərilən hal şikayətin qismən təmin olunması üçün hüquqi əsas yaratmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 385 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 48 və 50 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.
2. Dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 33/168 saylı qərarı ilə 48 və 50 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov


Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-25 09:02:00