×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsidir

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli Xocalı soyqırımını XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsi kimi qiymətləndirib: “Ötən əsrin sonları Azərbaycan xalqının tarixində bir-birindən ağır hadisələr, sınaqlarla dolu günlərlə yadda qalıb. Həmin dövrdə müstəqillik uğrunda mübarizəyə qalxan xalqımız 20 Yanvar və Xocalı faciələrini yaşamalı oldu. Bu hadisələrə dərindən nəzər yetirdikdə onların eyni ssenari əsasında həyata keçirildiyini demək olar. Dinc əhaliyə, əliyalın insanlara, uşaqlara, yaşlılara qarşı ağır silahlardan istifadə olunması, vəhşiliklərin törədilməsi, onlara, sözün əsl mənasında, divan tutulması onu göstərir ki, bu hadisələrin məqsədi Azərbaycan xalqının iradəsini və azadlıq meyillərini sındırmaq idi”.
Xocalı soyqırımının bütün dünyada tanıdılması, hadisəyə hüquqi qiymət verilməsi üçün Azərbaycan dövlətinin zəruri tədbirlər gördüyünü bildirən rektor qeyd edib ki, soyqırımı törədənlərin cəzalandırılacağı gün yaxındadır.
Universitetin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Xocalı sakini Mübariz Allahverdiyev soyqırımı zamanı ailəsinin başına gələnlərdən danışıb. O, əliyalın insanların göstərdiyi şücaətlərdən söz açıb. Bildirib ki, Xocalının vətənpərvər, qəhrəman övladları haqqında hələ yazılmamış çox məqamlar var.
Xocalı hadisələrinin digər şahidi - ATU-nun Mikrobiologiya və immunologiya kafedrasının dosenti Səidə Zeynalova da həmin gecə baş verənlərdən bəhs edib. O, Xocalı soyqırımının miqyasına görə bəşər tarixində ən ağır etnik təmizləmə aktı olduğunu vurğulayıb.
Universitetin I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Aysun Məmmədli isə Xocalı faciəsinin tanıdılması, soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi üçün gənclərin görə biləcəyi işlərdən söz açıb.
Anım tədbirində, həmçinin ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanmış, Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirilib.

Xocalı faciəsi 2020-02-24 20:36:00