×
A
A
A
Sazlamalar

Məktəblilərin rəsm sərgisi: Xocalı soyqırımı tarixin qan yaddaşıdır

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət “Xocalı soyqırımı tarixin qan yaddaşıdır” mövzusunda sərgi təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev sərginin Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini söyləyib. Xocalı soyqırımının tarixinə nəzər salan R.Tağıyev ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini, məhz Ulu Öndərin təşəbbüsü ilə hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi yad olunduğunu diqqətə çatdırıb.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov 28 il əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıb.
Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda, çəkdikləri rəsmlərdə ifadə ediblər.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə 200-ə yaxın rəsm əsəri nümayiş olunub.
Rəsmləri çəkən şagirdlər həmin gecənin dəhşətlərini, yüzlərlə insanın al qanına qəltan edildiyini, düşmənin kimsəyə aman verməməsini uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər.

Elm və təhsil 2020-02-24 20:11:00