×
A
A
A
Sazlamalar

Peşə təhsili və təlimi sahəsində Estoniya təcrübəsi öyrənilib

Bakı, 24 fevral, AZƏRTAC 

Peşə təhsili və təlimi sahəsində Estoniya təcrübəsinin öyrənilməsi məqsədilə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Lənkəran iqtisadi rayonunda regional model peşə təhsili mərkəzinin yaradılması” layihəsi çərçivəsində təşkil olunan təlim səfəri başa çatıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən AZƏRTAC-a bildirilib ki, səfərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, BMT-nin İnkişaf Proqramının nümayəndələri, özəl sektordan “Woodpecker” şirkətinin direktoru, Cəlilabad Peşə Təhsil Mərkəzinin mühəndis–pedaqoji heyəti, özəl sektordan şirkət rəhbərləri iştirak ediblər.
Səfərin əsas məqsədi Estoniyada peşə təhsili elementlərinin tətbiqi ilə tanışlıq və ümumilikdə peşə təhsili sahəsində ölkənin qabaqcıl təcrübəsinin öyrənilməsi olub. Nümayəndə heyəti Tallinndə yerləşən “İnnove” Fondunda, Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyində ölkənin peşə təhsil sistemi, maliyyələşdirilməsi mexanizmləri, müsbət rəqabətliliyin tətbiqi, beynəlxalq səviyyədə əməkdaşlığı və son illər ərzində olan sahə yenilikləri ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndələr “Virumaa” Peşə Təhsil Mərkəzi, Tallinn Xidmət Məktəbi, Tartu Peşə Təhsili Mərkəzi, Viljandi Peşə Mərkəzi, Olustvere Xidmət və Kənd İqtisadiyyatı Məktəbinə baş çəkib, tikinti, mebel, qaynaq, kənd təsərrüfatı, keramika, tikiş və əl işləri, avtomobil və digər istiqamətlər üzrə tədris prosesini yaxından izləyiblər. Mərkəzlərin idarə heyəti ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

Elm və təhsil 2020-02-24 19:44:00