×
A
A
A
Sazlamalar

Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov Xocalı faciəsindən danışıb. Vurğulayıb ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır.
N.Məmmədov hər il Fizika İnstitutunda anım tədbirləri keçirildiyini qeyd edib.
İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, 1988-1990-cı illərdə Ermənistandan 200 minə yaxın azərbaycanlı doğma yurdlarından qovulub. Bu hadisələrin ən dəhşətlisi 1992-cil fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verib.
Soyqırımı nəticəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir düşüb, 487 nəfər isə ağır yaralanıb. Dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə edilib.
Anım tədbirində çıxış edən Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova bildirib ki, 1993-cü ildə məhz ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamdan sonra Xocalı soyqırımı dövlət səviyyəsində anılır.
Tədbirdə, həmçinin institutun əməkdaşları Lalə Əliyeva və Aytən Şərifli şəhidlərin xatirəsinə həsr olunan şeirlərlə çıxış ediblər.
Sonda Xocalı soyqırımına dair film nümayiş olunub.

Elm və təhsil 2020-02-24 19:41:00