×
A
A
A
Sazlamalar

Xocalı ruhlarının harayı

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr edilmiş “Xocalı ruhlarının harayı” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqişünas Nərgiz Kərimova Xocalı soyqırımı qurbanlarının həyata keçməyən arzularından, Milli Qəhrəman Çingiz Mustafayevin fədakarlığından, anaların ağrısı, körpələrin çəkdikləri acıdan, bu dəhşətli gecədən sonra xalqımızın yaşadığı və çəkdiyi sarsıntıdan ürəkağrısı ilə danışıb. Tədbirboyu ekranda faciəni əks etdirən fotoslaydlar, filmlərdən kadrlar nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Xocalı şəhidlərinin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Nərimanov rayon YAP-ın sədri Təhmiraz Tağıyev, Xocalı şəhid ailələri birliyinin sədri Mehriban Əliyeva, Nərimanov rayonunda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri qonaq qismində iştirak ediblər.
Müəllim və şagirdlərin ifasında həzin musiqi nömrələri təqdim olunub. Tədbirdə, həmçinin musiqisi Elmin Təhmaz, sözləri Rəna Mirzəyevaya məxsus olan “Xocalım” adlı videoçarx nümayiş olunub.

Məktəbin foyesində rəssamlıq şöbəsinin şagirdlərinin faciə qurbanlarının xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi açılıb.

Xocalı faciəsi 2020-02-24 19:32:00