×
A
A
A
Sazlamalar

İstanbulda "Xocalıda nə oldu" kitabının təqdimat mərasimi keçirilib

İstanbul, 24 fevral, AZƏRTAC

Fevralın 24-də İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin "Can Azərbaycan" media şirkəti tərəfindən nəşr olunan "Xocalıda nə oldu" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xocalı həqiqətlərini özündə əks etdirən 112 səhifəlik kitabın ön sözünün müəllifi professor Elmira Süleymanovadır.
Nəşrdə AZƏRTAC-ın Türkiyə bürosunun İstanbul üzrə müxbiri Günel Məlikovanın "Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının faciəsidir" məqaləsi yer alır. Məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş soyqırımı, bu qanlı hadisənin qurbanları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırımı aktına siyasi və hüquqi qiymətin verilməsi üçün atılan addımlar, ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü siyasət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verilir.
Təqdimat mərasimində çıxış edən "Can Azərbaycan" media şirkətinin rəhbəri Namik Kamal Yıldırım, "Peşəyönümlü təhsilin inkişafına yardım" ictimai birliyinin sədri İradə Əlili və digərləri Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini bildiriblər. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar əsrlərboyu ermənilərin türk millətinə qarşı düşmən münasibəti bəslədiklərini, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altında olduğunu qeyd ediblər.
Tədbirdə Xocalı qətliamının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2020-02-24 19:28:00