×
A
A
A
Sazlamalar

Şəmkirdə müasir avtovağzal tikilir

Şəmkir, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçən il Şəmkirdə avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2 milyon 675 min ton yük daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Şəmkir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda 23 min 541 minik avtomobili var. Hazırda rayonda hər 100 ailəyə 41,2 şəxsi minik avtomobili düşür.
Məlumat verilib ki, uzun müddətdir Şəmkir şəhərində müasir standartlara cavab verən avtovağzal olmadığından, sakinlərin gediş-gəlişini təmin etmək məqsədilə ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahəsindən müvəqqəti olaraq avtovağzal kimi istifadə edilib. Bu da torpaq sahəsinin sahiblərinin narazılıqlarına səbəb olduğuna görə onların tələblərinə uyğun olaraq həmin ərazi boşaldılmışdır.
Hazırda şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar dayanacaq yeri olmadığı üçün yol kənarında dayanmalı olurlar.
Bununla bağlı şəhərin giriş hissəsində Bakı-Qazax avtomobil yolunun 401-ci kilometrliyində müasir standartlara cavab verən avtovağzalın tikintisi layihələndirilib, müvafiq qurumlardan aidiyyəti rəylər alındıqdan sonra tikinti işlərinə başlanılıb.

Regionlar 2020-02-24 19:23:00