×
A
A
A
Sazlamalar

Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib VİDEO

Budapeşt, 24 fevral, AZƏRTAC 

Fevralın 24-də Avropa Şurasının Budapeştdə yerləşən Gənclər Mərkəzində İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF-ARM), Sosial Birlik uğrunda Avropa Müsəlman Təşəbbüsü (EMISCO), Soyqırımlar və Kütləvi Qırğınlara qarşı Beynəlxalq Budapeşt Mərkəzinin (SKQBBM) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “İnsani faciələrin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilati dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirin məqsədi dünya ictimaiyyətinin, xüsusilə gənclərin insanlığa qarşı törədilən cinayətlər haqqında məlumatlılığını artırmaq, silahlı münaqişələr zamanı dinc əhaliyə qarşı törədilən qırğınlar və amansızlıqlarla bağlı ənənəvi və sosial media vasitələrindən istifadə etməklə fəal mübarizəyə dəstək verməkdir.
Pakistan, Türkiyə və Meksikanın Budapeştdəki səfirləri ilə yanaşı, digər ölkələri təmsil edən səfirlik əməkdaşlarının, beynəlxalq ekspertlərin və ictimai fəalların qatıldıqları konfransda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin və İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev çıxış ediblər.
Elməddin Mehdiyev öz çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İƏGF-in 2009-cu ildən fəal iş apardığını və qısa zamanda konkret nəticələr əldə olunduğunu qeyd edib. O, həmçinin bildirib ki, hazırda kampaniya ilə bağlı fəaliyyətlər İƏGF Avrasiya Regional Mərkəzinin prioritet istiqamətidir və Budapeştdəki konfransla yanaşı, bu günlərdə Regional Mərkəzin dəstəyi ilə müxtəlif ölkələrdə, o cümlədən Pakistan, Banqladeş və İndoneziyada tədbirlər keçirilir.
Konfransın ilk panelində Soyqırımlar və Kütləvi Qırğınlara qarşı Beynəlxalq Budapeşt Mərkəzinin sədri Qeorqi Tatar, ATƏT sədrinin ayrı-seçkilik və dözümsüzlüyə qarşı mübarizə üzrə sabiq şəxsi nümayəndəsi professor Bülent Şenay və Avropa Şurası Cənub-Şərq Mərkəzinin sabiq rəhbəri, ictimai fəal Jan-Mari Heydt mövzu ilə bağlı məruzə ediblər.
Çıxışlarda dünya ictimaiyyətinin xüsusilə yaxın keçmişdə insanlığa qarşı törədilmiş faciələr və kütləvi qırğınlarla bağlı lazımi şəkildə məlumatlandırılmasının, həmçinin beynəlxalq qurumların bununla əlaqədar konkret addımlar atmasının gələcəkdə belə faciələrin yenidən təkrarlanmaması baxımdan xüsusi əhəmiyyət daşıdığı bildirilib. Həmçinin qeyd edilib ki, Avropa Şurası və ATƏT kimi qurumlar Xocalı soyqırımı ilə bağlı müvafiq araşdırmalar aparmalı və faciəyə hüquqi-siyasi qiymət verməlidirlər.
Konfransın ikinci panelində İƏGF Avrasiya Regional Mərkəzinin əməkdaşı Sevinc İskəndərova Xocalı faciəsi ilə bağlı təqdimatla çıxış edib.
EMISCO-nun Baş katibi Başi Qureyşi çıxışında Xocalı soyqırımının bir sıra dünya dövlətləri tərəfindən tanındığını, lakin aparıcı, xüsusilə Avropa mərkəzli beynəlxalq təşkilatların və müvafiq beynəlxalq qurumların bu məsələdə susmasının qəbuledilməz olduğunu bildirib.
İrqçiliyə qarşı Avropa Şəbəkəsinin idarə heyətinin üzvü Marsel Lorinz Xocalı qətliamının yalnız Azərbaycan xalqının faciəsi olmadığını, bütün dünya sülhsevərlərinin, insan hüquqları və ədalət uğrunda mübarizə aparanların bu məsələdə beynəlxalq səviyyədə lazımi iş aparmalarının vacibliyini, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməli olduqlarını vurğulayıb.
Konfrans çərçivəsində tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumatları əks etdirən broşürlər və məlumat kitabçaları paylanılıb.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Siyasət 2020-02-24 18:56:00

Video