×
A
A
A
Sazlamalar

Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi Cocuq Mərcanlıda olub

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi Cəbrayıl rayonunun 2016-cı ildə Aprel döyüşlərində işğaldan azad olunmuş, böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini Xədicə Əsədova slaydlar və videoçarxlar vasitəsilə muzeyin fəaliyyəti barədə məlumat verib, sərgi şöbəsinin müdiri Araz Osmanov isə qədim Xocalı-Gədəbəy mədəniyyəti haqqında danışıb. Muzeyin zəngin kolleksiyasında bu mövzuda qorunub saxlanılan əsərlərdən ibarət səyyar sərgi məktəblilərə təqdim olunub. Sonra elmi-kütləvi şöbənin əməkdaşı Vüsalə Hümbətli “Xocalı harayı” adlı mühazirə ilə çıxış edib. Muzeydə qorunan əsərlərin müasir təbliğindən danışan innovasiya şöbəsinin müdiri Səbinə Ağamirova çıxışında muzeyin yeni nailiyyətlərindən söz açıb.
Görüş zamanı Prezident İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri kimi inşa olunan məscid, eləcə də muzey binası, məktəb kitabxanası və sair məkanlar ziyarət olunub.
Tədbirin sonunda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəsm əsəri N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinə hədiyyə edilib.

Mədəniyyət 2020-02-24 18:49:00