×
A
A
A
Sazlamalar

Mingəçevir Uşaq İncəsənət Məktəbində “Xocalı harayı” adlı rəsm sərgisi açılıb

Mingəçevir, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Rəssamlıq şöbəsi şagirdlərinin “Xocalı harayı” adlı rəsm sərgisi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgini açan məktəbin direktoru Etibar Əliyev Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş qətliam olduğunu bildirib. Qeyd edib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndində yerləşən 366-cı alayının hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Daha sonra Rəssamlıq şöbəsinin müəllimi Gülnar Hinayeva şagirdlərin soyqırımına aid çəkdiyi rəsmlərdən, erməni vəhşiliyinin şəkillərdə necə təsvir olunmasından danışıb.

Regionlar 2020-02-24 18:57:00