×
A
A
A
Sazlamalar

Qubadlı rayonu üzrə ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Sumqayıt, 24 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı rayonunun əhalisi, yəni 38 min 500 nəfər respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ötən il də işlər davam etdirilib. Belə ki, Abşeron rayonu “st. Sumqayıt” adlanan ərazidə və Sumqayıt şəhərinin 12-ci mikrorayonunda məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə Qubadlıdan olan ailələrin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 24-də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında bu barədə ətraflı danışıb.
Hesabat məruzəsi ilə çıxış edən M.İsaqov “st. Sumqayıt”da yeni yaradılan şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qubadlı şəhər 4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya Mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, Mahruzlu kənd həkim məntəqəsi və rayon Rabitə qovşağının poçt agentliyi, Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində salınmış şəhərcikdə isə rayonun Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri və Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçasının fəaliyyət göstərdiyini bildirib. Bunun da nəticəsi olaraq 80-ə yaxın məcburi köçkün işlə təmin edilib.
İcra hakimiyyətinin başçısı müxtəlif yerlərdə keçirdiyi qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində bir çox işlərin görüldüyünü qeyd edib. Belə ki, yeni yaradılan şəhərciklərdə sakinlərin əmək haqlarının, təqaüdlərinin və yemək-xərci müavinətlərinin rahat şəkildə almaları üçün “Kapital Bank”a müraciət əsasında ərazidə bankomat quraşdırılıb, həmçinin yaşlı sakinlərin müraciəti nəzərə alınaraq onların asudə vaxtlarını səmərəli keçirməsi üçün istirahət otağı tikilib. Bunlardan əlavə, rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə Sumqayıt şəhər 76-cı məhəllədə məcburi köçkünlər məskunlaşdığı Peşə Liseyinin inzibati binasının tavan hissəsinə 600 kvadratmetr dam örtüyü döşənib, 40-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 2 beşmərtəbəli binaya dam örtüyü vurulub. Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 17 nömrəli orta məktəbin yardımçı binasının qəzalı vəziyyətə olan hissəsində beton-bərkitmə işləri aparılıb, sakinlərin çoxsaylı müraciətləri əsasında Sumqayıt şəhər “Yaşıldərə” yaşayış massivində, “Ceyranbatan bağları” yaşayış massivində, Sumqayıt şəhər “Beton Zavod” adlanan ərazidə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə, məhəlləarası yollara asfalt örtüyü döşənib. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına ötən il aztəminatlı ailələrə, yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və digər məsələlərin həlli üçün maddi yardımlar göstərilib.
Hesabat məruzəsində qeyd edilib ki, rayonun ümumi gəlirlərinin proqnoz məbləği 2 milyon 515 min manat, yerli gəlirlər üzrə proqnoz məbləği isə 2 milyon 278 min manat olub. Yerli gəlirlərdən daxil olmaların icrası 2 milyon 278 min manat proqnoz rəqəminə qarşı 4 milyon 371 min 889 manat və ya 1,9 dəfə çox icra olunub ki, bu da nəzərdə tutulandan 2 milyon 93 min 889 manat artıq vəsaitin daxil olması deməkdir.
Hesabat dövrü yerli xərclərin icrası isə 2 milyon 278 min manat proqnoz rəqəminə qarşı 2 milyon 132 min 833 manat və yaxud 93,6 faiz icra olunub. Rayon Vergilər şöbəsi də öz işini günün tələbləri baxımından qurmağa çalışıb. Rayonda 1575 vergi ödəyicisi qeydiyyatdadır, onların da hazırda 713-ü faktiki fəaliyyət göstərir. Vergilər şöbəsi hesabat ilində 2 milyon 515 min manat plana qarşı 4 milyon 827 min 700 manat vəsait toplayıb.
Məruzədə rayonun kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr haqqında da məlumat verilib. Həmçinin ekologiya, təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti üzrə görülən işlərə nəzər salınıb, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
Bildirilib ki, 2019-cu il ərzində rayon icra hakimiyyətinə vətəndaşlar tərəfinsən 135 yazılı müraciət daxil olub, 943 nəfəri isə icra hakimiyyətinin başçısı qəbul edib. Bütün müraciətlər diqqətlə araşdırılıb, müvafiq qərarlar qəbul olunub. Bununla yanaşı, ötən il məcburi köçkünlərin yığcam yaşadığı ərazilərdə 41 səyyar görüş-qəbul keçirilib. Səslənən 217 müraciətdən 139-u müsbət həll edilib. Qalan müraciətlərdən 7-si mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılaraq icraata götürülüb, 69 müraciətə isə müvafiq izahatlar verilib.
M.İsaqov vurğulayıb ki, rayon sakinləri həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirir, Prezidenti İlham Əliyevin siyasətini ürəkdən bəyənirlər.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.
Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-24 18:14:00