×
A
A
A
Sazlamalar

Ekspert: Ölkə başçısının İtaliyaya dövlət səfərinin nəticələri ilə bağlı yaxın gələcəkdə müsbət nəticələrin şahidi ola bilərik

Bakı, 24 fevral, AZƏRTAC

İtaliya xarici ticarətdə Azərbaycanın əsas tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib. Bu, Azərbaycan üçün olduqca böyük rəqəmdir. Nəzərə almaq lazımdır ki, İtaliyanın neft istehlakında Azərbaycanın xüsusi çəkisi 17 faiz təşkil edir. İtaliya Avropa İttifaqının iqtisadi baxımdan ən güclü dövlətlərindən biridir. Azərbaycan üçün İtaliyaya çıxışı Avropa İttifaqına çıxışı deməkdir.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktor müavini, professor Elşad Məmmədov deyib.
“Hesab edirəm ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri qeyri-neft, yüksək texnologiyalar sahəsinə birbaşa xarici investisiyaların cəlbi və texnoloji idxal baxımından çox mühümdür. Dövlətimizin başçısı İtaliyanın ən iri bank-maliyyə strukturunun, eyni zamanda, aparıcı investisiya, ticarət, tikinti şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. Bu, bir daha onu deməyə əsas verir ki, dövlətimizin başçısı Azərbaycanda yüksək texnologiyalar sahəsinə birbaşa xarici investisiyaların cəlb edilməsi məsələsi ilə məşğul olur. Bu, ölkəmizin milli iqtisadi maraqları çərçivəsində həyata keçirilir. Çünki hazırda Azərbaycan xarici sərmayələr baxımından texnologiyaların idxalı vasitəsilə investisiyalara ehtiyac duyur”, - deyə E.Məmmədov qeyd edib.
Azərbaycanın digər sektorlara investisiya yatırması üçün potensialın mövcudluğunu deyən Elşad Məmmədov bildirib ki, bu, ölkəmizi xarici investorlar üçün mühüm tərəfdaşa çevirir. Azərbaycanda təkrar istehsalın bütün komponentləri üzrə artım potensialları, böyük investisiya resursları var. Bunun üçün də xarici investorlar üçün Azərbaycanda iş qurmaq olduqca faydalıdır: “Hesab edirəm ki, iki ölkə arasında birgə istehsal gücünün, investisiyaların cəlbi mümkündür. İtaliya avtomobil sənayesi, hərbi-sənaye kompleksi, məişət texnikası istehsalı üzrə kifayət qədər müsbət nəticələr əldə edib.
“Ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı onu deməyə əsas verir ki, İtaliya üçün də Azərbaycanda birgə investisiya layihələrinin reallaşdırılması mümkündür. Belə ki, Azərbaycanın daxili bazarı həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində öz potensialını genişləndirir, alıcılıq qabiliyyəti yüksəlir. Ölkə başçısının İtaliyaya dövlət səfərinin nəticələri ilə bağlı yaxın gələcəkdə müsbət nəticələrin şahidi ola bilərik. Azərbaycanın, ilk növbədə, milli maraqlarımıza söykənən müstəqil xarici iqtisadi siyasəti nöqteyi nəzərdən Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri önəmli bir hadisə kimi səciyyələndirilməlidir”, - deyə o bildirib.

 

İqtisadiyyat 2020-02-24 18:15:00