×
A
A
A
Sazlamalar

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

Bakı, 24 fevral, AZƏRTAC

XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Ümumilikdə, Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.
Elçin Əhmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər arasında baş verə biləcək hər cür mübahisələri ancaq dinc vasitələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).
Təcavüz aktının baş verməsi ilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapıb. 1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. Səkkiz maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.
Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə, əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bundan əlavə, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Bununla yanaşı, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır və bu beynəlxalq formatdır, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi adıçəkilən bəyannaməni imzalamazdı.
Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edib, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaların ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.
Qeyd etmək lazımdır ki, II Dünya müharibəsi illərində Almaniya ordusu Praqanın 20 kilometrliyində yerləşən Lidiçe qəsəbəsinin 105 azyaşlı sakinindən 82-sini qaz kamerasında məhv etmişdir. Hadisənin üzərindən cəmi 3 il keçəndən sonra Lidiçedə sözügedən faciənin məsum qurbanlarının xatirəsini əbədiləşdirən muzey yaradılmışdır. Bir müddət sonra isə qətlə yetirilən uşaqların xatirəsinə abidə ucaldılmışdır.
Bununla yanaşı, azərbaycanlı olub-olmamasından asılı olmayaraq, uşaqların müharibədən əziyyət çəkməsi yolverilməzdir. 1988-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır.
1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişdir. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan ordusu tərəfindən 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilmişdir.
Qeyd etmək lazımdır ki, Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.
Ermənistanın mülki əhalini, xüsusilə qadınları və körpə uşaqları qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqında onu qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilmiş, 61 uşaq itkin düşmüş, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır.
Əlbəttə, Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir. Belə ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuş və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi həlak olmuşlar. 24 oktyabr 2017-ci ilə olan məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilmişdir ki, onların 278 nəfəri qadındır. Münaqişə nəticəsində 265 qadın itkin düşmüş, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Qeyd etmək vacibdir ki, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin qəbul edilməsindən 20 il keçir.
Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də böyük dövlətlər və dünya birliyi müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.

Siyasət 2020-02-24 17:51:00