×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Universiteti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl rektor Səadət Əliyeva və YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı soyqırımı qurbanlarına həsr olunmuş “Xocalı soyqırımı obyektivlərdə” fotosərgisinə baxıblar.
Anım mərasimində Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov bildirib ki, son 30-35 il ərzində Azərbaycan xalqının yaşadığı faciələr onu nəinki sarsıda bilməyib, əksinə, daha güclü, daha möhkəm və daha müdrik edib. Xocalı faciəsinin qurbanlarını hörmətlə yad etmək bizim borcumuzdur, amma son məqsədimiz olmamalıdır. Əsas və son məqsədimiz gördüyümüz işlərlə onların ruhunu şad etmək olmalıdır.
Məlahət İbrahimqızı Azərbaycanın işğalçı Ermənistan qarşısındakı siyasi, iqtisadi və hərbi üstünlükləri haqqında danışıb. Bildirib ki, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğu tam şəkildə sübuta yetirilib. Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyünün miqyası hər gün daha da genişlənir.
İctimai elmlər kafedrasının dosenti Boran Əziz bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşananlar Azərbaycan xalqına qarşı planlaşdırılmış, hazırlanmış və həyata keçirilmiş hərbi əməliyyatdır. Faciənin ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması üçün ölkəmizin xaricdə apardığı danışıqlarda arqumentlərimizi gücləndirmək üçün əzmlə çalışmalıyıq.
Tədbirdə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər haqqında da məlumat verilib.
Mərasimdə Xocalı soyqırımının şahidlərindən, o gecə cəmi 7 yaşı olan, atası gözlərinin önündə yandırılan Xəzan Əmirova da iştirak edib.
Tədbir iştirakçıları sonda Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, publisist Səriyyə Müslümqızının yeni layihəsi olan “Xocalı – zülmət bir gecə” filmini izləyiblər. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə hazırlanıb.

Elm və təhsil 2020-02-24 17:41:00