×
A
A
A
Sazlamalar

Ağsuda “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda seminar-müşavirə işə başlayıb

Ağsu, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Ağsuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə işə başlayıb. Seminar-müşavirədə din xadimləri, dini icma sədrləri, ağsaqqallar və gənclər iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Kənan Tacızadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Elnur Mehdiyev çıxış edərək dövlət-din münasibətlərindən, sabit dini durumdan danışıblar.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədəki çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışıb. Çıxışda dinin siyasiləşdirilməsi və dinin alətə çevrilməsinin İslam dünyasına gətirdiyi bəlalar qeyd olunub.
Dövlət-din münasibətlərinin tənzimlənməsi, dini durum və sabitliyə nail olunması istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs edilərək, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin xidmətlərindən bəhs edilib.
Seminar-müşavirə fevralın 25-də öz işini davam etdirəcək.

Regionlar 2020-02-24 17:35:00