×
A
A
A
Sazlamalar

Mülki Aviasiya Muzeyi və Polis Akademiyasının əməkdaş və tələbələri Xocalı qurbanlarının xatirəsini anıb

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi tərəfindən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında tədbir təşkil olunub. Tədbirdə muzeyin əməkdaşları və akademiyanın tələbələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, sonra muzeyin ekspozisiya şöbəsinin rəisi Elnaz Osmanova Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər, həmçinin Qarabağ müharibəsində mülki aviatorlarımızın vətənimizin azadlığı və ərazi bütövlüyü uğrundakı fədakar xidmətləri ilə bağlı geniş məlumat verib.
Tədbirin davamında muzeyin sifarişi ilə İctimai Televiziyanın “Carçıfilm” studiyası tərəfindən hazırlanmış veteran mülki təyyarəçilərimizə həsr olunmuş “Torpaq, səma, od” adlı sənədli filmi nümayiş etdirilib.
Daha sonra muzey tərəfindən hazırlanmış Qarabağ müharibəsində iştirak etmiş təyyarəçilərin fotosərgisinə baxış keçirilib.
Polis Akademiyası rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev tədbirin təşkilinə görə MAA-nın rəhbərliyinə və muzeyin əməkdaşlarına təşəkkürünü bildirib.

Xocalı faciəsi 2020-02-24 17:21:00