×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün ümumi təlimlərə start verilib

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Formula 1 könüllüləri üçün ümumi təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, təlimlərdə müsahibə mərhələsindən uğurla keçmiş könüllülər dəvət olunub.
Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin işçi qüvvəsi şöbəsinin meneceri Atif Qəmbərov ümumi təlimlərə dəvət mesajlarının göndərilməsinin aprelin 3-dək davam edəcəyini diqqətə çatdırıb: “Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyat mərhələsinə ötən il dekabrın 5-də start verilib. Bir həftə ərzində 12 min nəfər müraciət edib. Fevralın 14-də isə müsahibə mərhələsi yekunlaşıb. Ümumi təlimlər bitdikdən sonra apreldə rol təlimləri, mayın sonunda isə məkan təlimlərinə start veriləcək. Yarışda ümumilikdə 3 min könüllü fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Formula 1 dünya çempionatının səkkizinci mərhələsi olan Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək.

İdman 2020-02-24 16:50:00