×
A
A
A
Sazlamalar

Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır

Bakı, 24 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı mərkəzləri şəbəkəsinin respublikamızın regionları üzrə genişləndirilməsi işləri bu il daha üç rayonda davam etdiriləcək. Nazirliyin 2020-ci il üzrə planına əsasən, Bərdə, Quba və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.
Peşə hazırlığı şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi işləri çərçivəsində ötən il Gəncə şəhərində də Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. İl ərzində həmin mərkəzdə Gəncə şəhəri və ətraf rayonlar üzrə 900 nəfərin peşə hazırlığının təşkili planlaşdırılır.
Xatırladaq ki, son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 3200-ə yaxın işsiz və işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb edilib. Bu il həmin rəqəmin 5 minə çatdırılması nəzərdə tutulub.

Sosial 2020-02-24 17:00:00