×
A
A
A
Sazlamalar

Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı

Bakı, 24 fevral, P.İmanova, AZƏRTAC

İyirmi səkkiz il əvvəl, 1992-ci ilin soyuq, qarlı fevral gecəsində Qarabağ torpağında daha bir məşum qətliam törədildi. Dünya tarixində ən dəhşətli hadisə - Xocalı soyqırımı baş verdi. XX əsrin ən qanlı faciəsi olan Xocalı insanlıq əleyhinə törədilmiş cinayət idi. Fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun hərbi qüvvələri ilə birlikdə Ermənistanın silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalının həyatına son qoyublar. Xocalının 613 nəfər günahsız, əliyalın sakini bir gecənin içərisində xüsusi amansızlıqla qətlə yetirilib, insanlar əsir götürülüb, itkin düşüb. Səkkiz ailənin bütün üzvləri məhv edilib. İyirmi beş uşaq hər iki valideynini itirib. Bu dinc, gündəlik həyatını yaşayan sadə insanların məruz qaldığı dəhşətin bircə səbəbi olub. Onları azərbaycanlı olduqlarına, məhz milli mənsubiyyətlərinə görə bu müsibətlərə məruz qoyublar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 24-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı” mövzusunda keçirilən elmi sessiyada muzeyin direktoru, akademik Rafael Hüseynov söyləyib.
Tədbirdə “Xocalı faciəsi və erməni yalanları” mövzusunda məruzə ilə çıxış edən Rafael Hüseynov Azərbaycan xalqına qarşı erməni təcavüzkarlarının və onlara dəstək verən qüvvələrin törətdiyi soyqırımı dəhşətlərindən, faciənin başvermə səbəblərindən danışıb. Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, tariximizin qan yaddaşına əbədi həkk olan Xocalı faciəsini xalqımız heç zaman unutmayacaq. R.Hüseynov bu qəddar aktın günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib. Avropanın bir sıra ölkələrində bu kampaniya çərçivəsində keçirilən yürüş və mitinqlərdə həmin ölkələrin tanınmış simaları, şəxsiyyətləri iştirak edirlər. Həmin insanlar bu yürüş və mitinqlərdə iştirak etməklə Xocalı faciəsinin fəlsəfəsini, başvermə səbəblərini dərk edir, onun bütövlükdə bəşəriyyətə qarşı cinayət olduğunu anlayırlar.
Rafael Hüseynov Xocalı soyqırımının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün daha təsirli filmlər çəkilməsinin vacibliyini qeyd edib.
Elmi sessiyada, həmçinin muzeyin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Xocalı: Yer üzünə qan çiləndi”, Elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri, professor Kamil Allahyarovun “Xocalıya aparan yol”, muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Xocalı soyqırımı - bəşəriyyətə qarşı törədilən cinayət” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib.

Elm və təhsil 2020-02-24 16:49:00