×
A
A
A
Sazlamalar

Muxtar respublikanın dağlıq ərazisində keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb

Şahbuz, 24 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Batabat Dövlət Təbiət Qoruğu ərazisində keçirilən təlimə nazirliyin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 36 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilib.
Təlimin gedişində şərti olaraq dağlarda qar uçqunun yaranması ilə qar altında qalmış insanların axtarışının həyata keçirilməsi üçün bölmələr hadisə rayonuna yürüş keçirərək hərəkət marşrutlarının bağlanmış hissələrinin qardan təmizlənməsi və hərəkətin bərpa olunmasını təmin ediblər. Qar uçqunu yerinə çatan xilasedicilər və kinoloqlar ərazinin vizual kəşfiyyatını aparıb, daha sonra təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi təyinatlı itlərlə, “Biper” cihazı və axtarış şupları vasitəsilə qar uçqunu altında qalmış insanların axtarışını həyata keçirərək onların yerlərini müəyyən edib, axtarışın nəticələri barədə qrup rəhbərlərinə məruzə ediblər.
Növbəti mərhələdə zərərçəkənlərin xilas edilməsi alpinist avadanlıqlarının və digər şans alətlərinin köməyi ilə xilasedicilər tərəfindən aparılıb, zərərçəkənlərə donvurmaya qarşı ilk tibbi yardım göstərilərək yaxınlıqdakı xəstəxanaya təxliyəsi həyata keçirilib.
Təlimin məqsədi beynəlxalq təlimlərdə iştirak etmiş nazirliyin xilasedicilərinin qazandığı təcrübənin digər xilasedicilərə öyrədilməsi, qar sürüşməsi zamanı kinoloqların xüsusi təyinatlı itlərin, eləcə də xüsusi təyinatlı “Biper” aparatı və şupların vasitəsilə xilasedicilərin axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, zərərçəkənlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmaqla xilasedicilərdə dözümlülük vərdiş və bacarıqların aşılanması, dağlıq ərazidə qış mövsümündə müvəqqəti düşərgənin salınması qaydalarının xilasedicilərə öyrədilməsindən ibarət olub.
Təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Regionlar 2020-02-24 15:43:00