×
A
A
A
Sazlamalar

Naftalan Məşğulluq Mərkəzi tərəfindən 426 nəfər işlə təmin olunub

Naftalan, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçən il Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhər Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Məşğulluq Mərkəzi tərəfindən 912 nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 426 nəfər işlə təmin olunub.
Ümumilikdə son illərdə sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni müalicə və istirahət mərkəzlərində hazırda 1000 nəfərə yaxın vətəndaş işləyir.
Həmçinin Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması ilə bağlı sosial təşəbbüsü əsasında dövlət qurumları tərəfindən verilən vakansiyalar, eləcə də yeni yaradılan abadlıq və təmizlik işləri üzrə Naftalanda 227 nəfər işlə təmin olunub. Onlardan 24-ü SOCAR-da, 28 nəfəri Naftalan Elektrik Şəbəkəsində, 175 nəfəri isə “DOST-İş Mərkəzi” MMC tərəfindən abadlıq və təmizlik işləri üzrə qeyri-daimi işlərə cəlb edilib.
Ötən il şəhər üzrə Özünüməşğulluq proqramına cəlb olunanların sayı 43 nəfərə çatıb. Həmin 43 nəfər özünüməşğulluq təlimlərinə cəlb edilib və onlardan potensial imkanları nəzərə alınmaqla yüksək nəticə göstərən 32 nəfər biznes planlarında nəzərdə tutulmuş profil üzrə mal-qara və avadanlıqlarla təmin olunub.
Həmçinin ötən il “Əmək yarmarkası”nda 25 nəfərə ixtisasına və peşəsinə uyğun işə göndəriş verilib.

Regionlar 2020-02-24 15:50:00