×
A
A
A
Sazlamalar

DST-nin rəsmi internet səhifəsi: Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb

Bakı, 24 fevral, AZƏRTAC
Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmamasını Dünya Səhiyyə Təşkilatı (DST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat DST-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Qeyd edək ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdədir.
Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır.

Səhiyyə 2020-02-24 15:47:00