×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunub

Bakı, 24 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Bir” Tələbə-Könüllü Proqramının birgə təşkilatçılığı çərçivəsində “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında çəkilmiş “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, təqdimatda çıxış edən institutun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin parlaq nəticəsi olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, ali təhsil müəssisəsi ölkənin sosial-ictimai həyatında fəallıq göstərməyə, həyata keçirilən gənclər siyasətində tələbə-gənclərin aktiv iştirakına xüsusi əhəmiyyət verir. Aİİ-də könüllülük fəaliyyətinin formalaşdırılması, gənclərin bura cəlb olunmaları istiqamətində bir sıra görüş və tədbirlər keçirilir.
Filmdə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin olan filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.
Xatırladaq ki, ali təhsil müəssisəsi gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlər təşkil edir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir.

Elm və təhsil 2020-02-24 15:18:00