×
A
A
A
Sazlamalar

Xarici üzüm sortlarının budama qaydaları mövzusunda tarla-seminarı keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

Üzüm və şərab istehsalçıları fillokseraya davamlı üzüm tinglərini xaricdən gətirərək geniş sənaye üzüm bağları salırlar. Bu sortlar Azərbaycan şəraitində yeni olduğundan fermerlər onun morfobioloji, davamlılıq, aqroekoloji xüsusiyyətləri, becərilmə texnologiyası və mühafizəsi sahəsində az məlumatlıdılar və becərilmə zamanı çətinliklər çəkirlər, elmi əsaslandırılmış tövsiyələrə ehtiyac duyurlar. Ona görə də bu sortların aqrobioloji və aqroekoloji parametrləri, becərilmə texnologiyası - formaverilmə, quru və yaşıl budama, yük normaları, gübrələrə və suya tələbatları, kimyəvi preparatlara münasibəti, xəstəlik və zərərvericilərə həssaslıqları kimi xüsusiyyətləri elmi əsaslarla öyrənilərək fermerlərə tövsiyə olunmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri ölkəyə yeni gətirilmiş bir çox üzüm sortlarının aqrobioloji və uyğunlaşma xüsusiyyətlərinin, becərilmə texnologiyasının öyrənilməsi istiqamətində tədqiqat işləri həyata keçirlər. Bu sortların yerli şəraitə uyğun becərmə texnologiyaları öyrənilərək fermerlərə tövsiyə edilir.
Maarifləndirməni davam etdirmək məqsədi ilə bu həftə institutun əməkdaşları Şamaxı rayonunun Çarhan kəndindəki “Xırman” müəssisəsinə məxsus üzüm bağlarında “Xarici üzüm sortlarının budama qaydaları” mövzusunda tarla-seminarı keçiriblər. Seminarda üzüm bağında əkilib-becərilən xarici “Red qlob”, “Viktoriya”, “Çəhrayı tayfı” üzüm sortlarının əyani formada budaması aparılıb, müvafiq formalar müəyyən edilib.
Tarla seminarında iştirak edən Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Sənan Zeynalov isə üzümçülüyün inkişafına dövlət dəstəyi haqqında məlumat verib. Bildirib ki, bu ildən üzüm bağları salınarkən hektara görə 800 manat subsidiya veriləcək. Bu dəstək fermerlər üçün yeni bağlar salmaqda ciddi maddi imkan yaradır.
Sonda üzüm bağının mütəxəssisi Novruzəli Bünyatova institut əməkdaşları tərəfindən hazırlanmış, üzümün becərilmə texnologiyasından bəhs edən “Üzümçülükdə diferensial texnologiyalar və risklər” adlı kitab hədiyyə olunub.

Kənd təsərrüfatı 2020-02-24 15:09:00