×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ilə iki ölkə arasında əlaqələr iqtisadi, siyasi və digər müstəvilərdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Səfər zamanı keçirilən çoxsaylı görüşlər və müxtəlif sahələrdə imzalanmış sənədlər əməkdaşlığın daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini, politoloq Mehman İsmayılov deyib.
Mehman İsmayılov qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Təcrübəyə əsasən, ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada, Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.
Politoloq bildirib ki, səfər çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən sənəddir. Bu sənədin adından da göründüyü kimi, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Birgə Bəyannamədə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birmənalı mövqe əks olunub. Onu da vurğulamaq lazımdır ki, İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
M.İsmayılov deyib ki, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollar olub ki, bu da ölkəmizin xarici ticarət dövriyyəsinin 18,4 faizinə bərabərdir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanması nəzərdə tutulur. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. TAP layihəsinin icrası nəticəsində Azərbaycan qazı İtaliya bazarına ixrac olunduqdan sonra bu rəqəm daha da artacaq. Səfər çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşündə İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında iştirakı məsələsi müzakirə olundu. Nəzərə almaq lazımdır ki, İtaliya dünyanın yeddinci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir.
“Bir sözlə, Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çox uğurlu oldu. Bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək”, - deyə M.İsmayılov qeyd edib.

Daxili siyasət 2020-02-24 14:24:00