×
A
A
A
Sazlamalar

Gəncədə Xocalı sakinləri üçün tibbi müayinələr təşkil olunub

Gəncə, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbə-2-də yaşayan, əsasən Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi tibbi müayinələrdən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirə hazırlıq məqsədilə əvvəlcədən şəhər icra hakimiyyətinin və aidiyyəti tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə xüsusi müşavirə təşkil edilib.
Yerli televiziya kanallarında “qaçan sətirlərlə” mütəmadi elanlar verilib, Yeni qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılıb.
Hazırda qəsəbədə 2 min 200-dən çox sakin yaşayır. Onlardan 1154 nəfəri Xocalı rayonundandır ki, bunlardan da 421 nəfəri uşaqlardır.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirib ki, Yeni qəsəbədə 927 nəfər müayinə edilib və müvafiq məsləhətlər verilib. Həmçinin, 5 sakinə evində konsilium edilib. Tibbi profilaktik baxışda avadanlıq və aparatlarla təminatlı səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələri aparan terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, dermatoveneroloq və digər ixtisasdan olan həkimlər iştirak ediblər. Əhaliyə sanitariya maarifi vasitələri də paylanılıb. 91 şəxsə ambulator müalicə təyin edilib. 17 şəxs stasionar tibbi xidmət üçün Gəncə şəhərinə dəvət olunub.
Sakinlər təşkil olunan tibbi müayinələrə görə Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Müayinələr dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilib.

Regionlar 2020-02-24 12:39:00