×
A
A
A
Sazlamalar

Salyanda tikinti və abadlıq işləri genişləndirilib

Salyan, 24 fevral, Mahir Babayev, AZƏRTAC

Son illər Salyanda təhsil, səhiyyə, mədəniyyət, məktəbəqədər tərbiyə və digər müəssisələrin tikintisi və təmiri ilə bağlı mühüm işlər görülür, onların maddi-texniki bazası gücləndirilir.
Rayon memarlıq və tikinti şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda ötən il tikinti, abadlıq və quruculuq işlərinin davamlı olaraq aparılıb. Rayonun Qarabağlı kəndində 100, Salyan şəhər Babazanlı yaşayış massivində 60, N.Babayev küçəsində 60 yerlik uşaq bağçası və körpələr evinin tikintisi aparılıb, 7 saylı uşaq bağçasında təmir işləri görülüb, Uşaq İncəsənət Məktəbi və Salyan Dövlət Kukla Teatrı əsaslı təmir edilib. Həmçinin rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz olunması işləri davam etdirilib.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 yerlik yeni binanın tikintisi başa çatdırılaraq müəllim və şagirdlərin istifadəsinə verilib, Aşağı Kürtkənd kəndində 360, Qızılağac kəndində isə 1000 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb, Sarvan və Küsəngi kənd tam orta məktəbləri əsaslı təmir edilib.
Ötən il, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun Qaraçala kəndi ərazisində Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üçün mini pambıq emalı müəssisəsinin, Kürqaraqaşlı kəndində isə müasir tələblərə cavab verən Dövlət Sort-Sınaq Məntəqəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilib. Bu işlərlə yanaşı, ötən il şəhərin Taleh Davudzadə küçəsində 4 kommunal binanın dam örtüyü dəyişdirilib, 8 küçəyə asfalt və piyada səkilərinə tamet döşənib. Hazırda rayonda yarımçıq tikinti və təmir işləri və yeni tikililərin inşasının vaxtında başa çatdırılması istiqamətində işlər görülür.

Regionlar 2020-02-24 12:36:00