×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı anılıb

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünü anıb.
ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Pantomima Teatrında keçirilən tədbir “Xocalı - bu olub” tamaşasının nümayişi ilə başlayıb. Nümayiş olunan səhnə əsərində faciə qurbanları, onların yaşadıqları dəhşətlər və bu tarixi hadisənin gətirdiyi nəticələr əks olunub. Tamaşaya baxışdan sonra çıxış edən agentliyin İdarə Heyətinin sədri Aydın İbadov Azərbaycan Dövlət Pantomima Teatrının kollektivinə bu təsirli tamaşaya görə təşəkkürünü bildirib. Sədr Xocalı soyqırımının dünyada tanıdılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində görülən işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq səviyyədə həyata keçirilən məqsədyönlü təbliğat tədbirləri barədə danışıb. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadə tamaşanın Xocalı soyqırımının tanıdılması məqsədilə hazırlandığını qeyd edib. Anım mərasimində Xocalıda dinc və köməksiz insanları qətlə yetirən cinayətkarların dünya ədalət məhkəməsi qarşısında cavab verməli olduğu xüsusi vurğulanıb.

Qan yaddaşı 2020-02-24 10:31:00