×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 340 və 341 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizədllər Rəhimov Elçin Akif oğlu və Nəcəfov Sultan Sabir oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikası¬nın Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/55 və 15/56 saylı qərarlarını mübahisələndirmiş, həmin qərarların ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişlər.

Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması ilə əlaqədar ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim olunmuş əlavə məlumatların öyrənilməsi və müraciətdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə araşdırma müddətinin artırılması zəruridir.
Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırılma aparılması üçün müddət 3 gün artırılmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizədlər Rəhimov Elçin Akif oğlu və Nəcəfov Sultan Sabir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli müvafiq olaraq 340 və 341 saylı müraciətlərinin araşdırılması müddəti 3 gün artırılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov


Katib    Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Qərarlar 2020-02-24 06:56:00