×
A
A
A
Sazlamalar

Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edib

Bakı, 23 fevral, AZƏRTAC

Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrolu çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki gün çıxış edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Özbəkistan sənətçiləri Bakıda bu ölkənin Xalq şairi Qafur Qulamın “Ozornik” (Şumbola) tamaşasını teatrsevərlərə təqdim ediblər.
“Şumbola” əsəri tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbola uşaqlara “Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq izah edir.
Qafur Qulamın Azərbaycana və ədəbiyyatımıza, mədəniyyətimizə münasibəti də bir sıra əsərlərində özünü göstərir. Onun “Bir-birinə şagird, bir-birinə ustad”, “Qırx yaşlı Azərbaycan”, “Səməd Vurğuna”, “Qardaş Azərbaycan pambıqçılarına”, “Xəzər” adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimi şəkildə ifadə olunub.
Qeyd edək ki, gələcəkdə bu teatrla əməkdaşlıq çərçivəsində Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrolu planlaşdırılır.

Mədəniyyət 2020-02-23 22:50:00