×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 298 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd Səlimov Kamal İlham oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və seçki məntəqələrində qanun pozuntularına yol verildiyi iddiası ilə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin aidiyyət qaydalarının pozulması ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməlidir, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Namizəd tərəfindən müvafiq şikayət 57 saylı Kürdəmir seçki dairəsi dairə seçki komissiyasına Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə verildiyinə baxmayaraq, komissiya qanunun tələbinə əməl etməyərək həmin şikayətə baxmamış və bununla da hərəkətsizlik etmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd Səlimov Kamal İlham oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 298 saylı müraciəti baxılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Seçki Məcəlləsinin 112-1.6.7-ci maddəsinin tələbləri dairə seçki komissiyasının vəzifəli şəxslərinin diqqətinə çatdırılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Qərarlar 2020-02-23 05:44:00