×
A
A
A
Sazlamalar

Qazaxıstanda bəşəriyyət tarixində törədilən beş soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

Nur-Sultan, 22 fevral, AZƏRTAC

Qazaxıstan paytaxtındakı Avrasiya Milli Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Bir də heç zaman: Aşarşılık, Holokost, Kamboca, Xocalı, Ruanda” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Türkmənistan və Özbəkistandan tələbə və müəllimlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd cəmiyyəti soyqırımlarının ağır nəticələri ilə tanış etməklə, bu cür cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaq və insanları sülhə çağırmaqdır.
Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, eləcə də digər soyqırımı aktları insanların qəlbinə sağalmaz yara vurub. Ona görə də belə halların qarşısını almaq üçün tariximizi bilməli, eyni zamanda, bizə yaxın olan xalqların tarixini öyrənməliyik. Müxtəlif ölkələrdə silahlı münaqişələrin baş verdiyi bir dövrdə tolerantlığın və multikulturalizmin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəməməliyik.
Avrasiya Milli Universitetinin prorektoru Akbota Joldasbekova ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq edib, Xocalı soyqırımının daha çox köməksiz qalan yaşlılar, qadın və uşaqları hədəf almasının çox ağrılı olduğunu vurğulayıb.
Digər iştirakçılar da soyqırımlarının xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra tələbələrin Xocalı soyqırımına və Azərbaycan-Qazaxıstan münasibətlərinə dair sualları cavablandırılıb.
Sonda qazaxıstanlı musiqiçilərin bəstələdiyi və Xocalı soyqırımına həsr olunan “Fevral ildırımı” adlı klip nümayiş olunub.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Elm və təhsil 2020-02-22 19:15:00

Video