×
A
A
A
Sazlamalar

Ötən il Saatlıda məhsul buraxılışının həcmi 286 milyon 338 min manat olub

Saatlı, 22 fevral, Mahir Babayev, AZƏRTAC

2019-cu ildə Saatlıda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsrrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. Ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 286 milyon 338 min manat olub. Məhsul buraxılışında sənayedə 33,4, kənd təsərrüfatında 17,8, rabitədə 8,8 faiz artım qeydə alınıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2, pərakəndə ticarət dövriyyəsinin həcmi isə 4,8 faiz artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Saatlıda 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məlumat verib.
Bildirilib ki, 2019-cu ildə rayonda abadlıq, quruculuq və tikinti işləri davam etdirilib. Şəhər ərazisində ümumi sahəsi 2 hektar olan “Muğan” parkı müasir qaydada yenidən qurulub, uşaq əyləncə qurğuları quraşdırılıb, “Gənclər” parkı və şəhərin digər ərazilərində olan yaşıllıqların suvarılması üçün 2 kilometr məsafədən polietilen borularla su xətti çəkilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına ötən il rayonun Sarıcalar kənd tam orta məktəbinin binası əsaslı təmir olunub, şəhər 1 nömrəli ümumi orta, Şirinbəy və Soltanabad kənd ibtidai məktəbləri üçün modul tipli məktəb binası quraşdırılıb. Rayonun Orta Muğan kənd tam orta məktəbi üçün 432 şagird yerlik yeni binanın tikintisinə başlanılıb.
Yığıncaqda qeyd olunub ki, rayonda enerji sisteminin dayanaqlığını artırmaq, istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması işləri il ərzində davam etdirilib, ümumilikdə, rayonun 1 şəhər və 18 kənd yaşayış massivində SİP kabel xətləri çəkilərək “Smart” tipli sayğaclar quraşdırılıb. 11 kənddə elektrik təsərrüfatı sahəsində görülən işlər başa çatdırılıb.
Rayonun qaz təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində də işlər aparılıb, 44 yaşayış məntəqəsindən 33-ü və Əlisoltanlı kəndi ərazisində 230 evdən ibarət məcburi köçkün qəsəbəsi qazlaşdırılıb. Hesabat ilində rayon ərazisində 578 yeni abonent qeydiyyata alınaraq, ümumilikdə, abonentlərin sayı 16400-ə çatdırılıb. Hazırda rayonda qazlaşmayan 11 yaşayış məntəqəsinə və köçkün qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi istiqamətində iş aparılır.
Qeyd olunub ki, hesabat ilində böyük əksəriyyəti iri fermer təsərrüfatı olmaqla, istehsalçılar tərəfindən 13741 hektar sahədə çiyid səpini aparılıb, hər hektardan 30,4 sentner olmaqla 41813,2 ton xam pambıq yığılıb. Pambığın becərilməsi və yığımı işlərinə, ümumilikdə, 8200 nəfər işçi qüvvəsi cəlb olunub. Məhsul yığımından pambıqçıların əldə etdiyi xalis gəlir 20 milyon manat olub.
Ötən dövrdə 24 min 816 hektar taxıl sahəsinin hər hektarından 41,3 sentner olmaqla 102 min 774,4 ton taxıl yığılıb, 7 min 51 ton ət (diri çəkidə), 41 min 820 ton süd, 194,5 ton yun, 114106 ədəd yumurta istehsal edilib, iribuynuzlu mal-qaranın sayı 67,691 başa, qoyun və keçilərin sayı isə 118 min 74 başa çatıb.
Hesabat yığıncağında rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qarşıda duran vəzifələr də ətraflı təhlil edilib.
Yığınaqda cari ildə görüləcək işlər müəyyənləşdirilib.

Regionlar 2020-02-22 17:38:00