×
A
A
A
Sazlamalar

Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

Bakı, 22 fevral, AZƏRTAC

Bu günlərdə şair və folklorşünas İlham Qəhrəmanın tərtibatında məşhur el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan aşıq ədəbiyyatı seriyasından çap olunmuş 400 səhifəlik kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb.
Kitabın tərtibçisinin də yazdığı kimi, “Nə qaldı” kitabını oxuyan hər kəs Alı yaradıcılığının xalqın mənəvi sərvətləri içində özünə yer aldığının fərqinə varacaq. “Alıdan nə qaldı?” sualının ən gözəl cavabı yenə “Nə qaldı” olacaq. Aşığın belə bir misrası da var: “Səmtsiz uçan səmasında azardı”. O, heç vaxt səmtsiz uçmadı – ömrünü xalqın xeyir-şərində keçirdi, şeirlərində ağrılarını acıdı, sevinclərinə şərik oldu, vəsf etdi”.
Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib, cinasları yenidən qurub şərh edib.
İlham Qəhrəman iki ilə yaxın müddətdə tərtib etdiyi kitabda 750-dən çox ətək şərhi verib. Kitab sayəsində Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır.
Kitab tərtibatçının “Könül işi” adlı böyük həcmli “Ön söz”ü ilə açılır. Şeir nümunələri janrından və ənənə ardıcıllığından asılı olaraq 14 bölməyə ayrılıb. Şeir adları aşıq sənətinin qədim qaydalarına uyğun olaraq şeirin birinci beytinin qafiyə və ya rədifinə uyğun adlandırılıb.
“Nə qaldı” kitabının redaktoru Əsəd Cahangir, rəyçisi Telman Hüseyn, məsləhətçisi professor Məhərrəm Qasımlıdır.
Kitab folklorşünaslar, doktorantlar, tələbələr, orta məktəb müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mədəniyyət 2020-02-22 14:37:00