×
A
A
A
Sazlamalar

Məktəblilər arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan şahmat yarışları keçirilib

Ağsu, 22 fevral, AZƏRTAC 

Ağsuda rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan şahmat üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan yarışlarda 10 yaşından 16 yaşadək 43 şahmatçı iştirak edib.
Açılış mərasimində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştirakçılara ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışılıb. Bildirilib ki, Xocalı faciəsindən 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini mühasirəyə alaraq dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan qəddarlıqla öldürülüb. Habelə, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Soyqırımın qurbanlarının xatirəsinə keçirilən şahmat yarışları iki gün davam edib. Qalib şahmatçılar rayon gənclər və idman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

 

Regionlar 2020-02-22 12:32:00