×
A
A
A
Sazlamalar

22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Bakı, 22 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq 11-ci ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. Hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
AAYDA ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. Agentliyin balansında ümumi istifadədə olan 17 min 542,6 kilometr uzunluğunda avtomobil yolu var. Onun 4385 kilometri respublika əhəmiyyətli, 13 min 157,6 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır. Bu yollardan 2661 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Həmçinin cəmiyyətin balansında 1316 ədəd körpü var, 90 körpü işğal olunmuş ərazilərdə yerləşir.

Tikinti̇ 2020-02-22 12:27:00