×
A
A
A
Sazlamalar

Göyçay Musiqi Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Göyçay, 22 fevral, AZƏRTAC 

Göyçay Musiqi Məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkünlər, Qarabağ müharibəsi veteranları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə “Xocalı soyqırımı” adlı fotosərgiyə baxıblar. Məktəbin akt zalında təşkil edilən tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşiliyin təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildirib. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Xocalı qaçqınlarının acı xatirələri iştirakçılarda dərin təəssürat yaradıb. Sonra rayon mədəniyyət mərkəzi tərəfindən hazırlanan “Əsrin faciəsinin 28-ci ildönümü” adlı sənədli film, habelə musiqi məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub, şeirlər səsləndirilib.

 

Regionlar 2020-02-22 12:12:00