×
A
A
A
Sazlamalar

Şəkidə könüllülər üçün Qış məktəbi başa çatıb

Şəki, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qış məktəbi başa çatıb. Fevralın 17-dən 21-dək davam edən beşgünlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən 60-dan çox könüllü gənc qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin sonuncu günü Fondun könüllüləri görkəmli ictimai xadim, maarifçi, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin və Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev-muzeylərini ziyarət ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan, bütövlükdə Yaxın və Orta Şərq ədəbiyyatının inkişafında özünəməxsus rol oynayan M.F.Axundzadə bütün ömrü boyu humanist ideyaların carçısı olub, şərəfli ömür yolu keçib. 1812-ci ildə Şəkidə anadan olan böyük mütəfəkkirin ədəbi yaradıcılığı onu öz zamanında və sonralar məşhurlaşdırıb, zəngin və çoxşaxəli irsi Azərbaycan ədəbiyyatının gələcək inkişafına əhəmiyyətli şəkildə təsir göstərib.
Bildirilib ki, Bəxtiyar Vahabzadə Azərbaycan və ümumən türk dünyası ədəbiyyatında özünəməxsus yeri, dəstxəti olan şairlərdəndir. Unudulmaz xalq şairinin ev-muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” 2015-ci il 27 oktyabr tarixli Sərəncamına əsasən yaradılıb.
Qeyd edək ki, layihə çərçivəsində Qış məktəbinin iştirakçıları qədim Şəkinin tarixi məkanlarını, dini abidələrini ziyarət edib, mədəniyyət ocaqları, muzeylərlə tanış olublar. Könüllülər, həmçinin “Dəyərlərimizin təbliğində könüllülük fəaliyyəti” ilə bağlı məruzələri dinləyib, intellektual və milli oyunlarda iştirak ediblər.
Qış məktəbinin bağlanış mərasimində çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev könüllüləri maddi-mədəni irsimizin, milli və mənəvi dəyərlərimizin dərindən öyrənilməsində və onların təbliğində fəal iştirak etməyə çağırıb, gənclərə könüllülük fəaliyyətində uğurlar arzulayıb.
Sonda Qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Şəkidə olduğu müddətdə Fondun könüllüləri “Kitab ən gözəl hədiyyədir” aksiyasına da qoşulublar.

Regionlar 2020-02-22 11:42:00