×
A
A
A
Sazlamalar

Azərbaycanlı rəssamın əsərləri Moskvada Müasir İncəsənət Yarmarkasında təqdim olunub

Moskva, 21 fevral, AZƏRTAC
Moskvada Birinci Müasir İncəsənət Yarmarkası və “Art Russia” beynəlxalq art-forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, yarmarkada təqdim olunan əsərlər arasında azərbaycanlı rəssam Nigar Süleymanın da əl işləri var. Rəssam AZƏRTAC-ın müxbiri ilə söhbətində hələ kiçik yaşlarından rəsm çəkməyi sevdiyini deyib. “Uşaqlığımdan həmişə rəsm çəkməyi sevər və özümü rəssam hesab edərdim. Kətan üzərində yaratdıqlarım mənim təxəyyülümün, xəyallarımın və ruhumun vəziyyətinin bəhrəsidir. Mən rəsmlərim üzərində həmişə yaxşı əhval-ruhiyyədə və tələsmədən işləyirəm. Siz onların xoş enerjisini hiss edə bilərsiniz. Mənim dəstxəttim asanlıqla tanınır. Mən tapmacaları və bilməcələri çox sevirəm və bunları son 5 ildə əsərlərimdə əks etdirirəm. Bu həndəsi abstraksiyaları nəzərdən keçirərkən öz düşüncələrini sahmana salmaq və cari tapşırığın düzgün həllini tapmaq mümkündür. Mənim əsərlərimlə tanış olun, siz də uzun müddətə müsbət emosiyalar və təəssüratlar alacaqsınız”, - deyə rəssam bildirib.
Moskvada, “Qostinnıy dvor”da təşkil olunan Müasir İncəsənət Yarmarkası və “Art Russia” beynəlxalq art-forumu Rusiya, Azərbaycan, Fransa, ABŞ və digər ölkələrin 15 aparıcı qalereyasını və 65 rəssamını birləşdirir. “Art Russia”nın həmtəsisçisi və direktoru Yelizaveta Frolova yarmarkanın hər il təşkil olunacağını bildirib.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2020-02-21 21:18:00