×
A
A
A
Sazlamalar

Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir

Qəbələ, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC

İnsanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar fevralın 21-də Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində keçirilən anım tədbirində səsləndirilib.
Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.
Tədbirin sonunda tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Regionlar 2020-02-21 19:10:00