×
A
A
A
Sazlamalar

Kitabxanada “Ana dilim - əbədi iftixarım” adlı sərgi açılıb

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə 170 nömrəli orta məktəbin şagirdləri ilə birgə “Ana dilim - əbədi iftixarım” adlı sərgi və tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə oxuculara ana dilimiz haqqında məlumat verilib. Bildirilib ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Qeyd edilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranıb, tərəqqi edib. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Tədbirin bədii hissəsində şagirdlər şeirlər söyləyib, səhnəciklər, dilimizlə bağlı mahnılar və rəqs nümunələri təqdim ediblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Mədəniyyət 2020-02-21 19:30:00